Miqrasiya qaydaları

Əcnəbilər üçün miqrasiya bələdçisi

Müvəqqəti qalma müddəti və ölkədən çıxış öhdəliyi

Azərbaycan Respublikasına viza əsasında gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti qalma müddəti vizada göstərilən müddətdən çox ola bilməz. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti qalma müddəti uzadılmadığı, onlara müvəqqəti yaşama icazəsi verilmədiyi, yaxud həmin müddət başa çatanadək müvəqqəti qalma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı müraciət daxil olmadığı halda, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Qalma yeri üzrə qeydiyyat (15 günlük qayda)

Azərbaycan Respublikasında **15 gündən** artıq müvəqqəti qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (habelə qalma yerini dəyişdikdə) heç bir dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qalma yeri üzrə qeydiyyatdan keçmək üçün qaldığı yerin rəhbərliyinə (otel, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər analoji ictimai yerlər) və ya mənzilin və ya digər yaşayış yerinin sahibinə müraciət etməlidirlər.

Qaydaları pozmaya görə məsuliyyət

E-vizada göstərilən müddətdən artıq qalan, yaxud qalma yeri üzrə qeydiyyatdan keçməyən (15 gündən artıq qaldıqda) və ya bir yerdən başqa yerə köçərkən qalma yeri üzrə qeydiyyat qaydalarına (yeni qalma yerinə gəldiyi tarixdən etibarən **5 iş günü** müddətində qeydiyyat) əməl etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər (Bu qaydaların pozulması Azərbaycan Respublikasının **İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə** əsasən inzibati məsuliyyətə səbəb olur).

Ödənişli əmək fəaliyyəti (iş) qaydaları

E-viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan Respublikasında ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının **Miqrasiya Məcəlləsi** ilə nəzərdə tutulmuş qaydada **əmək vizası** (ölkədə qalma müddəti **90 günə** qədər müəyyən edilir) almalıdırlar.

Azərbaycan Respublikasının ərazisində həm müvəqqəti yaşamaq, həm də ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının **Miqrasiya Məcəlləsi** ilə müəyyən edilmiş qaydada **müvəqqəti yaşama icazəsi** ilə yanaşı, **iş icazəsi** də almalıdırlar.

eVisa